ABŞ Azərbaycana olan dövlət yardımını dayandıra bilər

ABŞ Azərbaycana olan dövlət yardımını dayandıra bilər

ABŞ-ın yeni Prezidenti Co Baydenin Dövlət Katibi vəzifəsinə namizədi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsi qarşısındakı təsdiq dinləmələrindən sonra təqdim etdiyi yazılı cavablarda ABŞ-ın Ermənistanın təhlükəsizlik ehtiyaclarını qarşılamaq və Dağlıq Qarabağda davam edən humanitar böhranı aradan qaldırmaq üçün maliyyə yardımının verilməsini dəstəklədiyini bildirib.

Qazet.az xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi məlumat yayıb.

Blinken Ermənistanın “təhlükəsizliyinin və dayanıqlılığının möhkəmləndirilməsi üçün” ölkəyə yardım göstərilməsinin leyhinə olduğunu vurğulayıb. Həmçinin Azərbaycana göstərilən dövlət yardımının yenidən nəzərdən keçiriləcəyini dilə gətirib:

“Bu yaxınlarda Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlarla əlaqədar olaraq, rəhbərliyimiz Azərbaycana olan təhlükəsizlik yardımını nəzərdən keçirəcəkdir. Ehtiyac yaranarsa, “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişə qayıda bilərik”, – Blinken qeyd edib.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir.

Düzəlişin mətni:

(A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR