“Rusiya Türkiyəni oyundankənar vəziyyətə salmaq istəyir” - Politoloq

“Rusiya Türkiyəni oyundankənar vəziyyətə salmaq istəyir” - Politoloq

“Moskva Madrid prinsipini ortaya atmaqla Türkiyəni bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasını həyata keçirəcək üçtərəfli komissiyada oyundankənar vəziyyətdə saxlamağa çalışır”.

Konkret.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Dağlıq Qarabağda iqtisadi, nəqliyyat kommunikasiyasının açılmasına xidmət edəcək Azərbaycan, Rusiya və Ermənistandan ibarət üçtərəfli komissiyada Türkiyənin yer almamasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:

“10 noyabr razılaşmasından sonra prosesdə dominantlıq rolunu Rusiya oynayır. Rusiya isə prosesi təkbaşına aparmaq niyyətindədir. Orada digər oyunçuların olmasında maraqlı deyil. Ona görə də indiki halda Kreml prosesi guya ATƏT-in Minsk qrupunun qəbul etdiyi Madrid sülh prinsiplərinə uyğun apardığı görüntüsünü yaradır.

Burada 7 rayonun Azərbaycana qaytarılmasından sonra nəqliyyat-kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Hansı ki, bu proses də birbaşa Rusiyanın təşəbbüsü və təklifilə aparılır. Gündəliyi müəyyənləşdirən də odur.

Rusiya prosesi məhz Madrid prinsipləri adı altında aparmaqla Türkiyəni prosesdən kənar qoymağa çalışır. Yəni, Türkiyə indiki halda proses məhz Madrid prinsipinə uyğun aparıldığından onundan kənarda qalıb. Amma Rusiya həqiqətən də Madrid prinsipinə uyğun davranırsa, onda ABŞ və Fransa da burada olmalı idi. Lakin onlar da yoxdur”.

Politoloq qeyd etdi ki, Moskva bölgənin yeganə sahibi olduğunu nümayiş etdirmək üçün Ankaraya münasibətdə məhz belə hərəkət edib:

“Türkiyə tək masada deyil, həm də sahədə mövcuddur. Türkiyə Ordusu Azərbaycandadır. Ankara Dağlıq Qarabağ probleminin çözülməsində Rusiya ilə paralel olaraq danışıqlar aparır. Belə olan halda, Moskva Madrid prinsiplərini ortaya atmaqla Ankaranı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasını həyata keçirəcək üçtərəfli komissiyada oyundankənar vəziyyətdə saxlamağı düşünür. Bu səbəbdən də Türkiyə üçtərəfli komisiyada yoxdur. Digər tərəfdən, Madrid prinsiplərini pozmadığı görüntüsünü yaradılır.Bu da əslində Rusiyanın maraqlarına oynayacaq situasiyadır. Bununla Rusiya dünyaya, o cümlədən Türkiyəyə mesaj verir ki, bölgənin yeganə sahibi yalnız özüdür”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR