Evə buraxılan qazilərilə bağlı Hərbi Hospitaldan AÇIQLAMA

Evə buraxılan qazilərilə bağlı Hərbi Hospitaldan AÇIQLAMA

Muxtar Əkbərov İkinci Qarabağ savaşında iştirak zamanı yaralanıb və laqeydsizliklə üzləşib.  Bu barədə Anews.az-a danışan Qarabağ qazisi müharibəyə könüllü yollanıb. Hadrut istiqamətində yaralanan Muxtar Əkbərova Tədris Cərrahiyyə klinikasında ilkin tibbi yardım göstərilib. Daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Hospitalına göndərilib. Hazırda Cəlilabadda evində sınıqlarının sağalmasını gözləyir. O, evə buraxılandan sonra heç bir tibbi dəstək göstərilmədiyini deyir. 

Mərkəzi Hərbi Klinik Hospitalın qəbul şöbəsindən bildirdilər ki, qazilər evə buraxıldıqdan sorna məzuniyyətə göndərilirlər. Məzuniyyətdən sonra isə hərbi hospitaldan yox, hərbi poliklinikadan keçirlər. Poliklinikada qərar verilir. Ehtiyac olarsa, təkrar müayinə üçün hospitala göndərilirlər, yaxud tərxis olunurlar. Ondan sonra isə individualdır, hər kəsdə ayrı-ayrı. 

Məzuniyyət zamanı qazi ilə maraqlanırsınızmı sualımıza isə hospitalda  "biz onun evinə getməliyik?” - deyə cavab verdilər. 

"Xəstə stasionarda qəbul olunur, biz burda müalicə edirik, məzuniyyətə buraxırıq. Məzuniyyətdə hər halda evdəkilər ona baxır", - deyə hospital rəsmisi əlavə etdi.. 

Azərbaycanda qazilərə  yardım etmək məqsədilə  yaradılan "YAŞAT” Fondunun sədr müavini Rəbiyyə Cəfərova deyir ki, "YAŞAT” Fondu fərmana əsasən şəhidlərin ailə üzvlərinə və əlilliyi müəyyən edilmiş müharibə iştirakçılarına dəstək olur. Hazırda isə hamının əlillik dərəcəsi müəyyən edilməyib. 

"Əlillik dərəcəsi müəyyən edilsəydi, bizim üçün daha rahat olardı. Konkret bilərdik kimlərdi və onların üzərində işləyərdik. Amma biz əlillik dərəcəsi müəyyən edilənədək xəsis davranıb, oturub gözləmirik ki, kiminsə əlillik dərəcəsi müəyyən olunsun. Xəstəliyi ağır olan, müalicəsini davam etdirə bilməyən insanlara kömək etməyə çalışırıq. Ağır yaralılar üçün xəstəxanalara gedirik, amputasiya olunmuş şəxsləri tapırıq, onların qeydiyyatını aparırıq ki, bu adam amputasiya olunubsa, dəqiq əlillik dərəcəsi alacaq. Biz maksimum dərəcədə çalışırıq vəziyyəti ağır olanlara kömək edək. Əgər qazimiz də bu kateqoriyaya daxildirsə, yashat.gov.az saytına daxil olub orada qeydiyyatdan keçə bilərlər. Biz müraciətə baxacağıq",  -  deyə Rəbiyyə Cəfərova əlavə etdi. 

Milli Məclisin üzvü, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı müalicələrini davam etdirmələri üçün evə buraxılmalarını normal dəyərləndirir:

"Bu insanlar küçədə gedəndə yıxılmayıblar ki, vətən uğrunda döyüşlərdə yaralanıblar. Lakin tibbdə belə bir şey var, xəstəxanada müalicə, birdə ambulator şəraitdə. Ola bilsin ambulator müalicə hissəsi üçün evə göndəriliblər. Tutaq ki, kiminsə ayağı gipsə qoyulub və gips açılana kimi onun müalicəyə ehtiyacı yoxdu və evə göndərilir. Bu kimi halları anlaya bilirəm. Bunun əksi olan faktlarla qarşılaşmamışam. Əgər varsa, müraciət etsinlər, biz  bu məsələyə ciddi reaksiya verəcəyik.  Xəstəxanada ikincili infeksiya ola bilər. Hətta xəstə evə yazıldıqdan sonra da ona tibb işçiləri gedib baş çəkməlidirlər. Yaşadığı yerin, ərazinin tibb işçiləri hər gün onunla əlaqə saxlamalı, görüşməlidir", - deyə deputat bildirdi.  
Məlahət Həsənovanın fikrincə,  Müdafiə Nazirliyinin hospitalı ərazi poliklinikalarına, tibb müəssisələrinə qazilərin ünvanlarını bildirməli və onlara pulsuz daimi tibbi yardımın edilməsini tələb etməlidir: "Hospital rəhbərliyi  poliklinikalara deməlidir ki,  qazi hansı ünvanda yaşayır və həmin qazini evə yazmışıq, artıq müalicəsi ambulator şəraitdə davam edəcək, xahiş edirəm onu nəzarətdə saxlayın. Bu mütləq belə olmalıdır, başqa cür mümkün deyil. Qazilərimiz tam sağalana kimi onlara ciddi nəzarət lazımdı". 

Bakı şəhərində poliklinikaların fəaliyyətinə nəzarət edən Azərbaycan Respublikası Səhiyyə nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova da qazilərin müalicəsinin hospitaldan sonra poliklinikalara tapşırılmasının tərəfdarı olduğunu deyir. 

"Həmin insanlar  yaşayış ünvanına uyğun olaraq poliklinikalara müraciət etməlidilər. Xəstəliyi üzrə onlar müşahidə olunmalıdırlar. Poliklinikalarımız mütəmadi olaraq qazilərimizlə maraqlanmalıdırlar. İndi mən bilmirəm onlar müraciət edəcəklər ya siyahıları icralara veriləcək", - deyə Səhiyyə Nazirliyi rəsmisi bildirib.  

Bakı şəhərindən başqa ölkənin digər bölgələrində ambluatıor müalicəyə  nəzarət edən  TƏBİB-in mətbuat xidmətindən isə məsələyə münasibət bildirmədilər. 

Rafiq Şahbazov

anews.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR