Məşhur azərbaycanlı futbolçu metro relslərinin üstünə yıxılıb

Məşhur azərbaycanlı futbolçu metro relslərinin üstünə yıxılıb

Azərbaycan futbolunun tarixi maraqlı əhvalatlarla zəngindir.

Offsideplus.az xəbər verir ki, gülməli, lakin faciəyə çevrilə biləcək hadisələrdən biri Tərlan Əhmədovun başına gəlib. Futbolçu kimi yığmanın kapitanı olmuş, məşqçi kimi Premyer Liqa təmsilçilərini çalışdırmış Əhmədov "Futbol+"ə ölümdən qurtulması ilə nəticələnən olay haqda danışıb: "1990-cı ildə yeniyetmə vaxtı bizimlə bir yerdə oynamış iki dostumuz Rusiyadan Azərbaycana gəlmişdi. Vidadi Rzayevlə onlara restoranların birində qonaqlıq verdik. Yeyib-içməkdən sonra “Sahil” metrosuna düşdük. Saat 12-yə 5-10 dəqiqə qalmışdı. Elə oldu ki, bu dostlarımız Rusiyada öz aralarında yaşanan anlaşılmazlığı yada salıb mübahisə etməyə başladılar. Biri Bərdədən, o biri Salyandan idi. Metroya düşüb platformanın kənarında dayananda da mübahisə davam edirdi. Birdən dözməyərək əlimi atıb salyanlı dostumuza “bəsdirin də, mübahisəniz elə bura qalmışdı” demişdim ki, o məni yana itələdi. Gördüm relslərin üstünə düşürəm, əlimi atıb onun yaxasından tutdum. O da özünü saxlaya bilmədi və hər ikimiz relslərin üstünə düşdük. Yaxşı ki, qatarın gəlməyinə hələ bir neçə dəqiqə qalmışdı.

Birtəhər ayağa durandan sonra gözüm Vidadini axtardı ki, əlini uzadıb bizə platformaya çıxmaqda yardım etsin. Vidadi nə gəzir? Gördüm nə o var, nə də bərdəli dostumuz. Təxminən yarım dəqiqə keçmişdi ki, gördüm Rzayev sütunun arxasından başını çıxarıb relsə baxır və tez də geri çəkilir. Həmin an onu səslədim. Rzayev səsimə səs verib platformaya yaxınlaşdı və əlini uzadıb çıxmağımıza yardım etdi. Yuxarı çıxandan sonra ona “sən niyə gizlənmişdin, niyə qaçdın” sualını verdim. Vidadi də həyəcanlı şəkildə “bəs deyirlər relsin üstünə düşənləri tok vurub kül edir. Səni kül vəziyyətdə görməmək üçün qaçıb gizləndim” cavabını verdi".

terlan ehmedov


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR