Əliyevlə Paşinyan Moskvada görüşür – “Qazağın 7 kəndi azad edilməyib, Qarabağdakı silahlı dəstələr tərk-silah edilməyib...”

Əliyevlə Paşinyan Moskvada görüşür – “Qazağın 7 kəndi azad edilməyib, Qarabağdakı silahlı dəstələr tərk-silah edilməyib...”

BAXAR.AZ  pravda.az - a istinadən xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər. Virtualaz.org bildirir ki, bu barədə “İnferfaks”a diplomatik mənbədən məlumat verilib. “Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - diplomatik mənbə bildirib. Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri - 11 yanvardır. “İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil. Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.

 

Nə rəsmi Bakı, nə İrəvan Moskvada belə bir görüşün baş tutacağı, yaxud gözləntisi haqda açıqlama verməyib. Eyni zamanda Kremldən də Əliyevlə Paşinyanın görüşünün olacağı haqda fikir bildirilməyib. Əslində informasiyanın təkzib olunmaması da maraq doğurur. Bu susqunluq Moskva görüşünün olacağı barədə müəyyən ehtimal yaradır.

 

Lakin hələlik mülahizələr səviyyəsində olan bu məlumatla bağlı yeni bir nüans yoxdur. Yeri gəlmişkən, bu barədə son olaraq xəbəri Ermənistanın Vatikanda keçmiş səfiri və Paşinyan hökumətinin sərt tənqidçilərindən biri Mikael Minasyan yayıb. O, keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Ola bilsin ki, mühacirətdə olan sabiq səfir dezinformasiya yayıb. Çünki üçtərəfli bəyanat yeni imzalanıb, Ermənistanı acı məğlubiyyəti hələ dadmaqdadır, daxildə ictimai rəy Paşinyanın görüşə getməsini istəməz. Yəni bir sıra razılaşdırılmalı mövqe olsa da, prezidentlə baş nazirin belə tez görüşməsi real görünmür. Amma erməni mediası da görüş haqda yazıb.

 

“Hraparak” qəzeti xəbər verir ki, Moskvadan İrəvana nümayəndə heyəti gəlib və məqsəd 11 yanvar görüşünə hazırlıq aparmaqdır. Əgər görüş olacaqsa, bu, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk təması olacaq. Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diktə edən də Azərbaycan Prezidenti olacaq. Erməni şərhçi Leon Sərkisyan da deyir ki, Azərbaycan lideri Moskvada qalib kimi diktə edəcək.

 

L.Sərkisyanın irəli sürdüyü iddialar diqqət çəkir: “Görüşün gündəliyi gizli olaraq qalır. Böyük ehtimalla Ermənistan Azərbaycanın hansısa böyük şərtini qəbul edəcək və bu informasiya gecəyarısı, insanların yatdığı vaxt erməni ictimaiyyətinə açıqlanacaq. Ermənistanın gündəmini yenə də İlham Əliyev müəyyən edəcək”.

 

Gözlənilən görüşə qədər Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı ehtimalı da böyükdür. Prezident Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edərkən “Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaqdır”-deyə bildirmişdi. Bu, Moskvada Bakının əlini gücləndirəcək amil kimi vacibdir. Siyasi təhlilçilərin fikrincə, keçiriləcəyi iddia olunan görüşün gündəliyində bir sıra məsələlər ola bilər.

 

İlk növbədə sərhədlərin delimitasiyası: Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın istiqamətində proses başa çatmaq üzrədir və görüşə (əgər bu, doğrudursa) qədər tamamlanacaq. Mümkündür ki, tərəflər Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasını da müzakirə edəcək.

 

Naxçıvandan açılacaq iki dəhliz: Mehri və Azərbaycanın qərb rayonları ilə birləşəcək yol, Ermənistanla kommunikasiyanın açılması, Bakının təklif etdiyi, Ermənistanın da daxil olduğu “altılıq” platformasının qurulması və ümumilikdə münaqişənin həllindən sonra bölgənin taleyi müzakirə edilə bilər. Lakin bütün bunlar üçün həll edilməsi vacib olan bir məsələ var: Qarabağdakı erməni silahlıların bölgədən çıxarılması... Bölgədəki silahlı qruplaşmalar Paşinyana tabe olmaqdan imtina edir. Prezident də Akarla görüşdə bu haqda danışmışdı.

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, görüş olacağı haqda onda məlumat yoxdur, hələlik Rusiya və erməni informasiya mənbələri bu xəbərləri yayırlar.  Deputatın sözlərinə görə, Ermənistan üçtərəfli sazişə riayət etməlidir və bütün bəndlər öz əksini tapmalıdır. A.Mollazadə hesab edir ki, Ermənistanda müəyyən revanşist ideyalar onların özü üçün təhlükəlidir və İrəvan buna görə Rusiya və Azərbaycana cavab verməlidir: “Əgər belə bir görüş olacaqsa, Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan Ermənistanın imzaladığı kapitulyasiya sazişinə riayət edir, Ermənistanı da bəyanatın bütün bəndlərinə əməl etməyə çağırır. Lakin hələlik onların sazişdə əməl etmədikləri müəyyən məqamlar var. Məsələn, koridor açılmayıb, Qazağın 7 kəndi azad edilməyib, Qarabağdakı silahlı dəstələr tərk-silah edilməyib. Bu məsələlər həllini tapmalıdır”.

 

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər isə qeyd etdi ki, ümumiyyətlə, əvvəlcədən belə görüş olacağı haqda məlumat onda olub: “Çünki 9 noyabrda imzalanan üçtərəfli bəyanat siyasi bəyanatdır, orada çoxlu boşluqlar, qeyri-müyyənliklər var. Ona görə daha ətraflı sənəd hazırlanması üçün ciddi hüquqi addımlar atılmalıdır. Hazırda bu proses gizli aparılır, mətbuata qapalı olduğu üçün əlavə məlumat əldə edə bilmirik. Lakin Azərbaycan tərəf diqqətli olmalıdır, Rusiya çalışacaq ki, Qarabağda sülhməramlıların sayı artırılsın və onların səlahiyyət zonası genişləndirilsin. Azərbaycan buna imkan verməməlidir”.

 

S.Əkbərin sözlərinə görə, Azərbaycan, əksinə, rus qoşunlarının və ermənilərin olduğu öz ərazilərimizdə də suverenliyini bərpa etməlidir: “Separatçı rejimin tam tərk-silah edilməsinə nail olmalıdır, ərazilərin delimitasiyası reallaşdırılmalıdır və nəhayət, yurd-yuvasından didərgin düşən insanların öz torpaqlarına qayıdışına çalışmalıdır. Rusiya rəsmi şəkildə etiraf edir ki, beynəlxalq hüquqa əsasən həmin ərazilər bizimdir. Əgər bizimdirsə, sazişin sənədlərinin hüquqi əsasını biz hazırlamalıyıq”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR