Evin tək oğlu olan XTQ zabitinin ürəkdağlayan ŞƏHİDLİK DASTANI: Şah damarı kəsilir və...

Evin tək oğlu olan XTQ zabitinin ürəkdağlayan ŞƏHİDLİK DASTANI: Şah damarı kəsilir və...

O ata-anasının ilki, evin tək oğulu idi. İxtisasca filoloq olsa da məktəbdə dərs deməkdənsə, vətənin keşiyində durmağı üstün tutub. Bu dəfə öz doğum günündən üç, balaca ad günündən dörd gün əvvəl şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş şəhid Valeh Bədəlovun keçdiyi qəhrəmanlıq yolundan danışacağıq.

BAXAR.AZ  publika.az -a istinadən müsahibəni təqdim edir.

Həmsöhbəti isə şəhid baş leytenantımızın bacısı Vüsalə Bədəlovadır. Vüsalə Bədəlova qardaşının qəhrəmanlıq yolundan, hansı şəraitdə şəhid olmasından, şəhadətindən bir gün əvvəl anasının yuxu, həyat yoldaşının siluet görməsindən danışır.

Qısa arayış: Şəhid baş leytenant Valeh Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində doğulub. 2012-ci ildə Qafqaz Universitetinin filologiya fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra xüsusi təyinatlı qüvvələrin təlim kursunu keçərək zabit kimi xidmətə başlayıb. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub. 27 sentyabrda başlayan Vətən Müharibəsinin ilk saatlarından döyüşlərə atılıb. Əvvəlcə Murov zirvəsinin alınmasında öz qrupu ilə rəşadət göstərib. Sonra Cəbrayıla göndərilib. Oktyabrın 7-də, müharibənin 10-cu günü Cəbrayıl şəhərinin dördyol adlanan ərazisində qəhrəmancasına şəhid olub. Ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra dörd medalla təltif edilib.

- Vüsalə xanım, 44 günlük müharibə bitsə də Ali Baş Komandan hələ də Vətən Müharibəsi qəhrəmanlarını təltif edir. Qardaşınız “Vətən Müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunan 83 igiddən biridir. Şəhid Valeh Bədəlov şəhadətindən sonra da başqa hansı medallarla təltif olundu?

- Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi. 44 günlük müharibənin cəmi 10 günündə qazanılan qələbələrimizə şahidlik etdi. Qardaşım həmin qələbələrdə xüsusi təyinatlı qüvvələrin baş leytenantı kimi əsas pay sahiblərindən biri oldu.

- Valeh Bədəlovla son görüşünüzü necə xatırlayırsınız? Ailəsi ilə sağollaşıb müharibəyə gedəndə son sözləri nə olub?

- Mayda məzuniyyətə gəlmişdi. Son dəfə o vaxt görmüşük. Həmişəki kimi, bir həftə qalıb qayıtdılar... Nə yoldaşına, nə bizə işi barədə danışardı. Amma bu il sentyabrın əvvəli yoldaşına deyib ki, müharibə olsa, qayıtmayacağam. Vəsiyyət edərmişcəsinə nəyi necə edəcəyini deyib... Son gedişində də müharibəyə getdiyini söyləməyib. “Təlimə gedirəm”, - deyib. Sağollaşıb, qızlarını öpüb, qapıya çatanda bir də qayıdıb qoxulayıb öpüb, gedib.

- Valeh necə bir ata idi? Universitet vaxtı dərslərdə daha çox bədii ədəbiyyat oxuyan Valeh evdə də mütaliə edirdimi?

- Valeh cəmi 3 il ata ola bilib, amma bir çoxunun 30 ildə etdiyi atalıqdan artığını edib. Çox qayğıkeş, diqqətli idi qızlarına qarşı. Onların yanında hər sözü seçib danışardı. Körpə olsalar belə… Oyunlar oynayardı, kitab oxuyardı qızına. Qızı Aylinə nağıl kitabı, heyvanlar haqqında ensiklopediya almışdı. İşdən yorğun gəlsə də - işi çox ağır idi - divana uzanan kimi Aylin kitabını götürüb gələrdi, birlikdə oxuyardılar. Aylinə himni də öyrətmişdi, harada bayraq görsə, himn oxuyur. Qızını da özü kimi vətənpərvər görmək istəyirdi. O kitab oxuyanda dünya ilə əlaqəsi kəsilərdi, amma ata olandan sonra belə deyirdi. Uşaqlar yatanda oxuyardı. Boş vaxtı çox olmurdu…

- Filologiya fakültəsini bitirmişdi. Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edə bilərdi. Necə oldu ki, hərb sahəsini seçdi, xüsusi təyinatlı qüvvələrə yazıldı?

- O universiteti bitirib əsgər getdi. Hərbi xidməti leytenant olaraq bitirdi. Anam istəmirdi, hərbçi olsun. Evə gəldi. Heç bir işə razılaşmadı, dedi qayıdacağam. Anama dedi, mən müharibədə yox, hər hansı bir qəzada da ölə bilərəm, o zaman nə edərsən? Ana da heç nə deyə bilməyib. Yenidən orduya qayıdıb, xüsusi təyinatlı olmaq üçün kurslar keçdi.

- Uşaqları atalarını soruşanda onların suallarına nə cavab verirsiniz?

- Balaca qızı Nilayın 1 yaşı var, danışa bilmir, amma atasının şəklini görəndə ata deyib sevinir, öpür şəkli. Aylin unutmur, hər gün soruşur. Demişik ki, sən böyük qız olanda biz ataya gedəcəyik. Deyir, daha böyümüşəm də gedək. Atasını televiziyada görüb anasına deyib ki, darıxmışam daha bəsdi də ata gəlsin nə olar.

 

- Evin tək oğulu idi. Hərb sahəsini seçəndə atanız və ya ananız onun bu qərarını necə qarşılamışdı?

- Anam istəmirdi hərbiyə getməsini, elə yuxarıda yazdığım cavabı verib, ananın əl-qolu bağlanıb. Ata xüsusi təyinatlıya gedəndə dedi ora çox çətindi, ağırdı. Deyib ki, yolumu kəsməyin, mən indi ən yüksək rütbədə olacaqdım… Oldu da…

- Sağ qalan döyüş yoldaşları Valehin son döyüşü haqqında nə deyirlər? Hansı şəraitdə şəhid olub?

- Son döyüşləri Murov, Suqovuşan, Cəbrayılda olub. Döyüş yoldaşları deyirlər ki, Valeh ən çətin və həlledici məqamlarda sərrast qərarları, koordinatları dəqiq ötürməsi, liderliyi ilə dəfələrlə bizim həyatımızı xilas edib. Çox savadlı, soyuqqanlı olduğunu deyirlər. Qrupuna tapşırıb ki, mənə baxın, özünüzü itirməyin. Qrupunun gizirləri deyir, tək komandir deyildi, bizə böyük qardaş idi… Bir yaxın giziri söyləyir ki, zirehli maşında idik. Cəbrayıldan Füzuliyə gedirdik. Ermənilər bunların irəlilədiyi yeri artilleriya ilə vurmağa başlayıblar. Maşına miniblər, Valeh yanındakı yoldaşına deyib ki, dur keç içəri, burada mən otururam. Oturub, qapı bağlanmağa azca qalmış yanına raket düşüb, qəlpədən 8 nəfərlik maşında təkcə Valeh şəhid olub. Şah damarı kəsilibmiş… Güllədən qorxan deyilmiş, düşmən gülləsindən qorxmurmuş, əyilmirmiş. Döyüş yoldaşları belə deyir.

- Vətən müharibəsinin ilk 10 gününü və zəfərlərimizi görmək qisməti oldu. Son dəfə evə zəng edəndə daha çox nələrdən danışdınız?

- Biz müharibə başlayandan 5 gün xəbər almadıq, sonra zəng etdi. Ata, anam yatmırdı, yemirdi. O, zəng edəndə hiss etdirmədilər. Dedi bu dəfə dayanmaq yoxdur, axıra qədər gediləcək, gedəcəyik, alacağıq torpaqlarımızı…

- Aprel döyüşlərində də iştirak eləmişdi. Döyüş xatirələrindən danışırdımı? Yoxsa hərb həyatını evə daşımırdı?

- Aprel döyüşlərində iştirak etdiyini həyat yoldaşına ağzından qaçırıb. Bir kəlmə deyib ki, mən də orada olmuşam. O döyüşlər başlayanda da biz ondan xəbər ala bilmədik. Atam infarkt keçirdi, əməliyyat olunduğu gün gəlib çıxdı Bakıya, bir kəlmə də olsun dördgünlük döyüşlərdə iştirakı ilə bağlı demədi. Biz də neçə il sonra bilmişik. Bu müharibədə olduğunu da deməyib heç, gedəndən sonra bilmişik. Dövlət sirri deyib susurdu həmişə…

- Eşitdiyimizə görə, Valehin şəhid xəbəri gələndə ananız ağlamayıb…

- Anam məktəbdə olarkən qardaşımın öz nömrəsindən yığıblar. Oğlum zəng edir - deyə açıb zəngi. Deyiblər ki, yaralıdı. Anam da qayıdıb ki, yaralı olsa da o qoymazdı başqası zəng etsin, düzünü deyin - deyə zəng edənlərə bildirib. Deyiblər, oğlun şəhid olub. Evə gələndə də ağlamadı, söylədi ki, oğlum bu yolu özü seçdi. Mən ağlayıb onu sındırmaram. Ondan bir gün əvvəl gecə anam yuxu görmüşdü, görüb bizim evə camaat yığılıb inək kəsilir. Valeh şəhid olan gün səhər də yoldaşı evin dəhlizində hərbi geyimdə kiminsə siluetini gördüyünü yazmışdı mənə. Bir-iki saat sonra şəhid xəbəri gəldi...

- Eşitdiyimizə görə, Valeh Bədəlovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “Əsl zabit belə olar” – deyə tərifləyibmiş... Bu nə zaman olub? Sizə özü bu haqda nəsə danışmışdımı?

- Yox, özü heç nə demirdi. Bu barədə atama qardaşımın iş yoldaşlarından kimsə danışıb, deyəsən. Bu barədə dəqiq bilmirəm. Paradlarda iştirak edib, prezidentin qarşısında qrupu ilə çıxış edib.

- Valehin şəhadətindən sonra kimlər onun qapısını açır?

- Valehin nə çox dostu tanışı sevəni var imiş. Əvvəl də bilirdik, amma belə çox olduğunu bilmirdik. Lazımi qurumlar maraqlanır, dostları, iş yoldaşları, qrup yoldaşları, tanış-biliş hamı maraqlanır, gəlir, uşaqlarını görürlər…


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR