SON DƏQİQƏ! DİN hərəkətə keçməlidir - YENİLƏNİB

SON DƏQİQƏ! DİN hərəkətə keçməlidir - YENİLƏNİB

Azərbaycanda daha bir "asan pul" mərkəzi açılıb. 

BAXAR.AZ xəbər verir ki, heç bir rəsmi qeydiyyatı, lisenziyası olmayan daha bir uşaq mərkəzi fəaliyyətə başlayıb. Belə ki, özünü "Sevgi Uşaq Evi" adlandıran mərkəz sosial şəbəkələrdə bir neçə uşaqla birgə müraciət yayımlayıb. Müraciətdə naməlum qadın tərəfindən deyilir:

"Bizim uşaq evimiz var, binanın icarəsini ödəməkdə maddi problemlər var və siz də bu uşaqlara kömək edin ki, kimsəsiz uşaqlar küçədə qalmasın." 

Uşaq hüquqları üzrə qanunvericiliyə əsasən kimsəsiz uşaqlarla iş yerli icra hakimiyyəti orqanları, uşaq sığınacağı-reinteqrasiya mərkəzləri və dövlətin özünün uşaq evləri tərəfindən aparılır. Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə BAXAR.AZ-a açıqlama verib:

"Düzgün qeyd edirsiniz ki, kimsəsiz uşaqlarla iş üzrə məşğul olan QHT və dövlət qurumları var. Adını çəkdiyiniz "müəssisəni" mən də tanımıram. Neçə illərdir ki, bu işlə məşğul olduğumuzdan öz sahəmiz üzrə hər kəs bir-birini tanıyır. Mən bilmirəm ki, o uşaqların qəyyumları kimdir və ya o uşaqlar oraya necə gedib çıxıb. Amma, onu bilirəm ki, kimsəsiz uşaqlar yerli icra hakimiyyətlərindən və ya Daxili İşlər Nazirliyi tərəfindən bizlərə göndərilir. Əgər, rəsmi bir fəaliyyətləri varsa, göstərsinlər ki, cəmiyyət də bu qədər narahat olmasın. Siz adını qeyd etdiyiniz təşkilat varsa, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçiblərmi? Keçiblərsə, nizamnamələrində uşaq hüquqlarının müdafiəsi, mərkəzlərin yaradılması, sosial xidmətlərin göstərilməsi nəzərdə tutulubsa, sənədləri göstərsinlər. Biz də onlarla əməkdaşlıq edək" -deyə, Kəmalə Ağazadə bildirib. 

Qeyd edək ki, kimsəsiz uşaqlar dövlət və ya qeyri-dövlət orqanlarına yerli icra hakimiyyətləri, yerli polis idarələri tərəfindən təhvil verilir. Nə qədər araşdırma aparsaq da, sözügedən "Sevgi Uşaq Evi"nin heç bir rəsmi qeydiyyatını tapa bilmədik. O zaman ya bu uşaqlar oğurlanıb insan alverinin qurbanı olacaqlar, ya da ki, Daxili İşlər Nazirliyi və aidiyyatı qurumlar hərəkətə keçməlidir. Eyni zamanda, "Uşaq Evi" ifadəsi Təhsil Nazirliyi və digər dövlət qurumları tərəfindən təsdiqlənməlidir. 

***

01:07

Redaksiyamızla əlaqə saxlyan sözügedən mərkəzin rəhbəri Könül Qasımova bildirib ki, mərkəz 25 iyul 2020-ci il tarixində "Ümid Yeri" Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin qərarı əsasında yaradılıb:

"Qeyd etdiyim tarixdə "Ümid Yeri" XC İB-nin İdarə Heyətinin qərarı ilə yoxsul ailələrdən olan uşaqlara dəstək məqsədilə Xüsusi Qayğı Mərkəzi yaradılıb. Mərkəzdə olan uşaqlar "Ümid Yeri" XC İB-nin nəzdində fəaliyyət göstərən sığınacağa gətirilən uşaqlardır. Sığınacağın maddi problemlərini azaltmaq məqsədilə bu mərkəz yaradılıb. Mərkəzimizin rəsmi adı isə "Sevgi Evi" Qadın və Uşaq Sığınacağıdır. Əlavə olaraq qeyd edim ki, hər bir sənədimiz qaydasındadır."

Yazıda adı keçən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq. 


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR