“Ərizə yazıblar ki, ay aman, qoymayın, azərbaycanlılar Şuşada...”

“Ərizə yazıblar ki, ay aman, qoymayın, azərbaycanlılar Şuşada...”

Ermənilər Ağdamı işğal eləyəndən sonra ora Akna adı qoyubmuşlar. Ağdamın Papravənd kəndi isə olubmuş Nor Karmiravan. Ağdamın bir çox kəndlərinə “Nor” önlüyü yapışdırıb Nor Seysulan, Nor Maraqa və bilim, Nor Vartan kimi uydurma toponimlər qayırıbmışlar. “Nor” - erməni dilində “yeni” deməkdir. Guya bununla həmin kəndlər yenilənirmiş. İndi isə atəşkəs razılaşması qrafikinə əsasən o kəndlərdən rədd olub gedirlər. Ancaq çox incik gedirlər.

BAXAR.AZ pravda.az - a istinadən xəbər verir.

Hətta YUNESKO-ya ərizə yazıblar ki, ay aman, qoymayın, azərbaycanlılar Şuşada vandalizm törədir, Arsaxın “Milli Qəhrəmanı” Vazgen Sarkisyanın büstünü dağıdır, təhqir edirlər. Bu Vazgen 90-cı illərdə Qarabağda dinc əhaliyə qarşı ən qəddar cinayətləri törətmiş yaramazın birisi idi, indi bu gücbəsərlərin məntiqindən belə çıxır ki, biz onun büstünü öpüb əzizləməli, tozunu-zadını silməliymişik. Sanki Vazgen dünya miqyaslı mütəfəkkir, mədəniyyət xadimi, lap cəhənnəm, əməkdar donuzotaran imiş. Faşist Njde-yə heykəl qoyan toplumdan nə gözləyəsən? Hərçənd, əgər Vazgen müəllim belə müqəddəs tip idisə, Azərbaycanın ixtiyarı çatır onun qətlində Ermənistanı suçlasın, çünki Vazgen müəllim məhz 1999-cu ildə, 27 sentyabrda Nairi Unanyanın erməni deputatxanasını gülləbaran etməsi nəticəsində öldürülüb. O zaman bu idiot artıq Ermənistan baş naziri olmağı bacarmışdı (Paşinyan ondan qeyrətli baş nazirdir - neçə dəfə deputatxanadan salamat çıxıbdır). Ermənistanda burnu fırtıqlı uşaqlar da yaxşı bilir ki, həmin terroru Robert Köçəryan təşkil eləmişdi. Rəqiblərini siyasi səhnədən silmək üçün. Ancaq Vazgenin qanı yerdə qaldı. Biz elə son əməliyyatı da həmin gülləbaran günü başlamaqla Vazgenin qisasını alacağımıza eyham vurmuşuq, sən öl.

 

Yaxud, deyirlər Hadrutdan hamını köçürtməyə çatdırmadıq, 3-4 nəfər qaldı, indi onları tapmırıq, Azərbaycan cavab versin-zad. Nə qədər mənasız iddiadır. Çünki Hadrut bizim əlimizdə deyil! Biz hardan bilək orda kim qalıb, kim qalmayıb? Bu dəqiqə bütün dünya ictimaiyyətinə məlumdur ki, Hadrut, həmçinin, Zəngilan, Qubadlı və Şuşa Semyon Peqovun, Araik Arutyunyanın, Şuşan Stepanyanın və başqa belə yoldaşların əlindədir. Onlar hələ də Hadrutda əzmlə döyüşürlər, heç yana çıxmayıblar. Düzdür, indi ermənilər deyirlər ki, bütün dava boyunca dünyaya yalan xəbər vermişik, əslində hər yeri lap əvvəldən itirmişdik. Ancaq dünya buna niyə inanmalıdır? Yalançının evi yanırsa, buna inanmaq axmaqlıqdır. Heç zad yanıb eləmir, həmin itkin ermənilər isə Bakıda, Cəfər Cabbarlı adına kinostudiyada “İtkin gəlin” teleserialına çəkilirlər. Dəqiq məlumatdır, Vazgenin əziz goru haqqı - mən hər şeyə and içmərəm. O Şuşada dalına təpik qoyulan ağsaqqal isə tərtəmiz azərbaycanlıdır, yoxsa niyə azərbaycanca danışırdı? Ermənilər onu qova-qova Şuşadan çıxartmaq istəyirdilər, ağsaqqal isə deyirdi ki, dayanın, mən sizdən respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə şikayət eləyərəm, halınıza baxarsınız.

 

Ən məzəli epizodlardan biri də Avropa tərəfdə yaşanır. Orda Yunanıstan hökuməti Türkiyədən şikayətlənir, deyirlər Türkiyə Avropanın stabilliyinə, asayişinə təhlükə yaradır. Bunu o dövlət deyir ki, 20-ci əsrdə bir müddət (1967-75) rəsmən faşistlərin - “qara polkovniklər” adlanan hərbi xuntanın hakimiyyəti altında olub. O cümlədən, 2010-2012-ci illərdə Yunanıstanı bürüyən tətillər, iqtisadi problemlər, zorakılıq, az qala vətəndaş savaşı səviyyəsində toqquşmalar bütün dünyanın yadındadır. Həmin dövrdə Almaniya yunanlara o qədər kredit, borc vermişdi ki, hətta dünya mediası futbol üzrə Avrop çempionatında zarafatla Yunanıstan milli komandasının formasında sponsor nişanı yerinə alman bayrağını montaj eləmişdi. İndinin özündə Yunanıstanın, necə deyərlər, itə də borcu var. Türkiyə dünyanın 20 öncül iqtisadiyyatından biridir, ÜDM-ə görə planetdə 13-cü yerdədir, Yunanıstan isə 54. Və bunlar Türkiyəni “qeyri-stabil” adlandırır. Özü Avropanın belində əmzikli uşaq kimi gəzir, ayağı üstdə sərbəst dayananı tənqid edir.

 

Ümid eləyək ermənilər gedib Yunanıstanı da Hadrut kimi xilas edər, Nor Afina şəhəri tikərlər. Tarixi ədalət zəfər çalar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR