Maksim Şevçenko : “Paşinyanın Rusiyanı xəyanətdə günahlandırmasının ŞOK səbəbləri var”

Maksim Şevçenko : “Paşinyanın Rusiyanı xəyanətdə günahlandırmasının ŞOK səbəbləri var”

Dağlıq Qarabağda müharibənin sona çatması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanmış bəyanat dünyanın aparıcı siyasətçilərinin diqqət mərkəzindədir. Bunlar arasında seçici səslərinin ilkin hesablamalarına görə ABŞ-ın yeni prezidenti ola biləcək Co Bayden də var. “NEWS.ru” portalı politoloq Maksim Şevçenko ilə Vaşinqtonda seçki nəticələrinin Qarabağdakı vəziyyətə necə təsir edəcəyi və Ağ evin yenilənəcək rəhbərliyinin nələr edə biləcəyi barədə söhbət edib.

BAXAR.AZ KONKRET.az - a istinadən xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq, müsahibənin tərcüməsini təqdim edirik.

– ABŞ-da keçirilən prezident seçkilərində kimin qalib gəldiyi hələ məlum deyil. Sizcə, bu cür təlatüm Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatında təsbit edilmiş Qarabağdakı vəziyyətə necə təsir edəcək?

– Hazırda Moskva və Ankara Azərbaycan-Ermənistan qarşıdurması zonasında mövqelərini gücləndirməyə və Ermənistanın razılaşmanı tam tanımasına çalışırlar. Baş nazir Nikol Paşinyanın on gün əvvəl mənim dediyim həqiqəti söyləməyə başladığını görürük. Məlumdur ki, əgər  Azərbaycan Silahlı Qüvvələri Laçını alsaydı, on minlərlə erməni hərbçi ölməyə məhkum idi. Buna görə də Ermənistanın baş naziri orada 20 min əsgərin mühasirəyə alındığını söylədi, əslində,  daha çox əsgər həlak olardı. İnanıram ki, indi Rusiya və Türkiyə rabitə quracaqlar.

– Erməni diasporunun Baydenin qələbəsinə ümidləri doğruldurmu?

– Tramp müqavimət göstərir və bunu xalis eqoistlik ucbatından etmir. Qanuni əsasları var və işi əlində olduğu Ali Məhkəməyə qaldırmaq niyyətindədir. Bu səbəbdən, Baydenin ABŞ-ın yeni prezidenti olacağı bir fakt deyil.

– Bayden qalib gəlsə, Qarabağ istiqamətində hansı addımları ata bilər?

– O, üçlü razılaşmanı inkar edir.

– Necə?

– Güclülərin haqqı ilə. Sadəcə olaraq, razılaşmaların Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupundan kənar əldə olunduğunu bəyan edəcək, bunu bir saziş və ya buna bənzər bir şey elan edəcək. Bu məqamda erməni lobbisinin nümayəndələri meydana çıxacaq. Fikrimcə, Bakıda buna məhəl qoyulmamalıdır: Azərbaycan hərbi zəfər qazandı. Buna kiminsə kölgə salmasına imkan verməməlidir. Burda bir faktor da var: Ermənistanın Rusiyasız gələcəyi yoxdur.  Azərbaycansa Türkiyəsiz də siyasətində müstəqildir.

– Seçki kampaniyası dövründə Bayden Türkiyə və Rusiyaya qarşı Trampdan daha sərt bir siyasət yürütmək istədiyini açıqladı. Bayden rəhbərliyinin Vaşinqtona gəlişi ilə Moskva ilə Ankara arasındakı yaxınlaşma nə qədər güclənə bilər?

– Bayden açıq şəkildə Ərdoğana nifrət edir və bunu gizlətmir. Amerika demokratları və respublikaçıların fərqli strategiyaları var. Demokratlar Partiyası milli maraqlar naminə dövlətlərin, millətlərin, xalqların və s. təmsilçiliyinin məhv edilməsinə normal yanaşır, buna tələb kimi baxır. Respublikaçılar isə hər zaman özlərini oyun piramidasının başında hesab edir, regional oyunçuları diz çökdürmək və ən güclü bir imperiya olmaq konsepsiyasını dəstəkləyirlər. Bu səbəbdən Ərdoğanın neo-osmanlı konsepsiyası Tramp tərəfindən dəstəkləndi.

Moskva ilə Ankara arasındakı yaxınlaşmaya gəlincə, fikrimcə, bu, Rusiya tərəfindən əla bir geosiyasi addım olardı. Ancaq ölkəmizdə lobbi qruplarının təsiri güclüdür. Əlbətdə ki, son bir ildə erməni lobbisi ciddi məğlubiyyətə uğradı. Bu vəziyyətdə, Türkiyə ilə İsrail arasında işbirliyi vacibdir. Bu bir qədər qəribə səslənsə də, fikrimcə mümkündür. İsraillilərin fələstinlilərlə, türklərlə bir sülh prosesi başlatması – Kipr şelfindəki qazın 15 faizini onlara verməsi kifayətdir ki, iki ölkə əməkdaşlığa başlasın.

– Ermənistanda Qarabağ müqaviləsinə qarşı müxalifətin etirazları davam edir və həbslər aparılır. Siczə, Paşinyanın baş nazir postundan getməsi müharibədə məğlub olan İrəvan üçün nə qədər faydalıdır?

– Hazırda bu vəziyyətlə bağlı Rusiya ilə Qərb arasında bir mübarizə var. Moskva üçün Paşinyanın hakimiyyətdən getməsi onun yerinə öz adamını qoymaq ehtiyacı deməkdir. Ancaq düşünmürəm ki, amerikalılar Paşinyandan asanlıqla imtina etsinlər. İrəvanın bölgədəki ən böyük Amerika səfirliyinə sahib olması buna görə deyilmi? Paşinyanın vəzifəsi bu müharibəni uduzmaq və məğlubiyyətə görə “Qarabağ klanı”nı və Rusiyanı xəyanətdə günahlandırmaq idi. Bu günlərdə Paşinyanın Moskvanın İrəvana xəyanət etdiyini açıq şəkildə söyləməsi bunun əyani sübutudur. Bundan əlavə, Ermənistan baş nazirinin məqsədləri arasında KTMT-dən çıxmaq və bitərəflik elan etmək, bununla da NATO-ya qoşulma kursunu götürməkdir. Təbii ki, Kreml buna imkan vermək istəməyəcək və  burada söhbət NATO ilə əlaqəli deyil: Türkiyə təbii ki, Ermənistanı ora heç zaman buraxmaz.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR