Koronavirus göz təması ilə də yoluxa bilər - AÇIQLAMA

Koronavirus göz təması ilə də yoluxa bilər - AÇIQLAMA

Göz xəstəliklərində ən çox əziyyət çəkənlər şəkər xəstələridir.

BAXAR.az xəbər verir ki, xüsusilə yaşlı və şəkəri olan insanlar üçün koronavirus olduqca təhlükəlidir. Doktorlar- Şahin Novruzlu və Rəhimə Poluxova görə ani görmə qabiliyyətinin itirilməsindən başqa, digər hallarda şəkər xəstələri xəstəxanaya müraciət etməkdən qaçınmalıdırlar. Gözdaxili iynə və lazer müalicələri davam edən xəstələr də karantin rejiminin bitməsini gözləməlidirlər. Bu dövrdə qan şəkərini tənzimləməklə, gözdəki problemlərin artmasını əngəlləyə bilərlər. Həkimlər kataraktadan əziyyət çəkənlərin gözlərində ani pisləşmə olmadığı müddətcə müayinə və əməliyyatları karantin rejimindən sonra həyata keçirməklərini tövsiyə ediblər:

 

“Gözlərində axıntı, kirlənmə, sulanma, yanma, batma, göz qapaqlarında və gözətrafı toxumalarda şişkinlik əmələ gələn insanlar isə göz həkimi ilə telefon və ya sosial şəbəkələr vasitəsilə əlaqə yaratmalıdırlar. Təcili sayılan göz xəstəlikləri zamanı (göz almasının travmaları, gözə kimyəvi maddələrin düşməsi, görmə qabiliyyətinin ani və ya qısa zamanda itməsi, ani yaranmış çəpgözlük, göz hərəkətlərində məhdudiyyət, əşyaları iki görmə, göz qapaqlarında ani düşüklüyün əmələ gəlməsi, sinir iflici əlamətlərinin yaranması) isə xəstəxanaya müraciət mütləqdir. Yaxın zamanda və ya uzun müddət öncə hər hansı bir göz əməliyyatı keçirən pasientlərdə hər hansı bir şikayət olarsa, göz həkimi ilə əlaqə yaratmalı, şikayətin ciddiliyinə görə həkim müayinəyə qərar verməlidir”.

 

Həkimlərin sözlərinə görə qlaukoma, yəni qara su xəstəliyindən əziyyət çəkənlər istifadə etdikləri damcılara eyni qaydada davam etməlidirlər. Uveit xəstələri, özəlliklə immunsupressiv müalicə alanlar (prednol, metipted, imuran, sandimum, metotreksat) koronavirusdan ciddi qorunmalıdırlar və həkimləri ilə əlaqə saxlayıb müalicələrində dəyişikliklər barədə məsləhət almalıdırlar. Çünki sadalanan dərmanlar immun sistemini daha da zəiflədir və virusa yoluxma baş verərsə, ağır nəticələr qaçınılmaz hal ala bilər. Eynəkdən istifadə edənlər isə karantin müddətində nə etməlidirlər?

 

Eynəkdən istifadə edənlərin karantin dövründə görmə qabiliyyətlərində az bir dəyişiklik olsa da belə, əvvəlki eynəklərini taxmaqları məsləhət görülür. Belə ki, Şahin Novruzlu və Rəhimə Poluxova görə eynək istifadə edən uşaqlar, istərsə də böyüklər eynək müayinə vaxtı çatsa vəya görmə qabiliyyətlərində az bir pisləşmə olsa belə, əvvəlki eynəklərini taxmağa davam etməlidirlər:

 

“Eynək sınarsa və ya görməyə əngəl törədəcək dərəcədə cızılarsa, son eynək resepti ilə eyni eynək almaları tövsiyə edilir. Göz təmasını minimuma endirmək, optik və kosmetik kontakt linza istifadə edənlər kontakt linza istifadəsinə ara verməlidirlər, çünki koronavirus göz təması ilə də yoluxa bilir. Göz tənbəlliyi və çəpgözlükdən əziyyət çəkən uşaqlar isə eynək və qapama müalicələrinə davam etməlidirlər”.

 

Bununla yanaşı, həkimlər bildiriblər ki, göz allergiyası olanlar isə şikayətləri (qaşınma, qızarıqlıq, sulanma) artarsa, əvvəlki müalicə reseptlərinə uyğun damcı alıb istifadə edə bilərlər. Quru göz sindromu olanların isə suni göz yaşı damcılarından istifadə etmələri tövsiyə edilir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR