Güclü Vətəndaş Cəmiyyəti  milli təhlükəsizliyin qarantıdır - MÜSAHİBƏ

Güclü Vətəndaş Cəmiyyəti  milli təhlükəsizliyin qarantıdır - MÜSAHİBƏ

Rauf Zeyni: “QHT-hökumət münasibətləri bir az da inkişaf eləməlidir”

 

Bu gün Vətəndaş Cəmiyyəti və ictimai nəzarətin təşkili günün əsas mövzusu olaraq müzakirə olunmaqdadır. Məlumdur ki, ekspertlər Vətəndaş Cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bir çox hallarda yaranan ziddiyyətlər vətəndaş cəmiyətinin inkişafının qarşısını almaqla, sivil dövlət quruculuğuna da maneələr törətmiş olur. Bu mənada bu gün hökumətin vətəndaş cəmiyyəti institutları ilə vahid orqanizm halında birliyi sivil, demokratik əsaslı aktiv cəmiyyət və inkişaf etmiş  ədalətli dövlət quruculuğuna dair “yol xəritəsi”nin hazırlanmasına hesablanır.

Baxar.az-a müsahibə verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni mövzu ətrafında bir çox nüanslara aydınlıq gətirib.

 

“Vətəndaş cəmiyyəti dövlət və özəl sektorun inkişafından müəyyən mənada  geridə qalıb”

 

 

-Rauf müəllim, ölkə başçısının Milli Məclisin ilk iclasında və digər çıxışlarında ictimai nəzarətin zəifliyi ilə bağlı səsləndirdiyi fikirlər, təbii ki, mövcud vətəndaş cəmiyyətlərindən ictimai nəzarətin rolunu, özünü ifadəsini yenidən dəyərləndirməyi tələb və tövsiyə edir. Necə hesab edirsiz, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu və  ictimai nəzarətin formalaşması prosesi hansı səviyyədədir və özünü necə ifadə edə bilir?

- Ölkə Prezidentinin yeni parlamentin ilk iclasındakı məlum çıxışı proqram xarakterli idi. Göründüyü kimi Prezidentin müəyyən etdiyi prioritetlər sırasında ölkədə və beynəlxalq sferadakı vəziyyət, 9 fevral seçkiləri, yeni parlamentin  çoxpartiyalılıq sistemi əsasında formalaşması, ölkədə sabitliyin və stabilliyin inkişaf etdirilməsi, iqtisadi islahatların geniş spektrdə aparılması,  şəffaflığın yüksək səviyyədə təmin olunması naminə ictimai nəzarətinin artırılması və sair məsələlər yer alır. Prezident dəfələrlə bu və ya digər iclas və tədbirlərdəki çıxışlarında ictimai nəzarətin və şəffaflığın yüksək səviyyədə artırılmasını, buna böyük ehtiyacın olduğunu xüsusilə vurğulayır.

Biz də QHT Forumu, vətəndaş cəmiyyəti institutları olaraq cənab Prezidentin müəyyən etdiyi bu istiqamət üzrə hərəkət edir, maarifçilik işi aparır, televiziya çıxışlarından tutmuş, regionlarda keçirdiyimiz tədbirlərdə də diqqəti ölkədə şəffaflığın və ictimai nəzarətin qurulmasına yönəldir, əhəmiyyətini önə çəkirik. Görülən işlərə baxmayaraq, hesab edirik ki, bütün bunlar yenə də azdır. Çünki bizim-vətəndaş cəmiyyətlərinin potensialı böyükdür və görüləcək işlər  əhatəlidir. Lakin bütün bu işlərin görülməsi üçün maliyyə resursslarımız kifayət deyil.

Hesab edirəm ki, bütövlükdə ictimai nəzarətin yüksək səviyyədə gücləndirilməsi, ictimai nəzarətin vətəndaş cəmiyyətində geniş effekt verməsi üçün maliyyə dəstəyinin rolu ola bilər.  

Biz 2019-cu ilin 10 və 23 iyul tarixlərində QHT sektorunda olan tanınmış ekspertlərlə “Azərbaycanda ictimai nəzarətin mövcud vəziyyəti və qarşıda duran vəzifələr “ mövzusunda  tədbir keçirdik. Ekspertlər bütün vəziyyəti təhlil edib, mövcud reallığa uyğun olaraq öz münasibətlərini bildirdilər. Eyni zamanda birmənalı şəkildə qeyd edildi ki, vətəndaş cəmiyyəti dövlət və özəl sektorunun inkişafından müəyyən mənada  geridə qalır. Bildirildi ki, dövlət, özəl sektorun maddi-texniki bazası çox güclü olduğu halda, QHT-lərin maddi-texniki bazası  zəifdir. Bu da onu deməyə əsas verir ki, ölkədə QHT-lərin maliyyələşməsi ilə bağlı məsələyə çox böyük önəm vermək lazımdır.

Eləcə də bu gün dünyanı koronovirus bəlası bürüyüb. Təbii ki, ölkəmiz dövlət səviyyəsində, Operativ Qərargah, Nazirlər Kabineti, Ölkə Prezidenti səviyyəsində koronovirusla mübarizəyə 1 milyard vəsait ayrıb.  Bununla əlaqədar olaraq biz də könüllü olaraq əlimizdən gələn işləri həyata keçiririk. Amma işlərimizi daha geniş formatda həyata keçirməyimiz üçün, bütövlükdə QHT-lərə, vətəndaş cəmiyyətlərinə ayrılan maliyyə resursslarının  artırılmasına ehtiyac var.

İndi QHT-lərə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarına 3 milyon manat maliyyə yardımı edir.  Bu rəqəm, hətta 10 milyon olsa da, yetərli deyil. Çünki vətəndaş cəmiyyətləri çox geniş spektrləri əhatə edir. O cümlədən cənab Prezidentin də qeyd elədiyi kimi, ictimai nəzarəti paytaxtda və dihgər regionlarda eyni səviyyədə inkişaf elətdirməkdən ötrü çox enerji, imkan və resursslar, vaxt tələb olunur.  Biz onsuz da könüllü olaraq daxili resursslarımız  hesabına nə qədər imkanımız yetirsə müəyyən işlər görürük. Hesab edirəm ki, daha geniş aspektli işlərin görülməsi üçün QHT-hökumət münasibətləri bir az da inkişaf etməlidir. Bütün dövlət qurumları QHT-lə, eyni zamanda bütün spektrda vətndaş cəmiyyətləri -media, həmkarlar, bələdiyyələr və digər dövlət qurumları ilə çox geniş spektrdə əməkdaşlıq etməlidir. Xüsusilə bugünkü həyacanlı məqamlarda ölkəmizdə hər hansı bir təhlükənin qarşısını almaqdan ötrü biz yüksək səviyyəli birgə fəaliyyət göstərməliyik. 

 

“Prezidentlə istədiyimiz görüş alınsa, bu, vətəndaş cəmiyyətlərinin inkişafında çox böyük təkan ola bilər”

 

 

-Vətəndaş cəmiyyətlərinin görməli olduğu işlərin əhatəliliyini, genişliyini qeyd edərək, bildirdiniz ki, Milli Dəstək Fondundan ayrılan vəsait vətəndaş cəmiyyətinin inkişafında  tələb olunan işlərin həyata keçirilməsi üçün yetərli deyil.  O zaman daha hansı addımlar atılmalıdır?

 -Birinci növbədə yaddan çıxarmaq lazım deyil ki, biz 30 illik müstəqillik dövründə, vətəndaş müharibəsindən, vətəndaş cəmiyyətinə keçid etmək üçün ağır, çətin, məşəqqətli yollar qət etmişik. Bu həm də şərəfli bir yoldur. Yəni biz vətəndaş cəmiyyətinin bugünkü vəziyyətinə asanlıqla gəlib çıxmamışıq. Yəni ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasını təsdiq elədi. Ardınca Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, KİV-ə Dəstək Fondu yarandı. Bütövlükdə Vətəndaş Cəmiyyətini maliyyələşdirmək üçün Elmin İnkişafına Dəstək Fondu fondu, daha sonra Bilik Fondu yarandı. Bütün bunlar hamısı dövlətin vəsaiti hesabına vətəndaş cəmiyyətinin inkişafının təminatına yönəlib. Amma qeyd etdiyim kimi, bu, vətəndaş cəmiyyəti inkişafının yalnız bir hissəsini təmin edə bilir. Bu prosesdə könüllü resursslar da öz işini görür. İnsanlar könüllü olaraq həyata keçirdikləri tədbirlərdə özəl sahibkarlıq sektorlarından və digər mənbələrdən, nazirliklərdən layihə dəstəkləri alırlar. Ötən ildən başlayaraq 30 –a qədər dövlət qurumu layihə elanı verib. Amma bu, həmin dediyimiz QHT və digər vətəndaş cəmiyyətlərinin illik təlabatının yalnız bir hissəsini ödəyir. Keçirdiyimiz tədbirlərdə aparılan müzakirələrdə iştirak edən ekspertlər də belə bir qənaətlə çıxış ediblər ki, vətəndaş cəmiyyətinin daha yüksək səviyyədə inkişafını istəyiriksə, ölkə Prezidenti ilə görüşüb vətəndaş cəmiyyətinin mövcud problemlərini ona bildirməli və həll olunmasını xahiş etməliyik. Əgər Prezidentlə bu görüş alınsa, vətəndaş cəmiyyətlərinin inkişafına - istər daimi ofisin təmin olunması, illik büdcə təminatının olması, qanunvericilikdən tutmuş, maddi-texniki bazanın yaranmasına qədər vətəndaş cəmiyyətinin formalaşmasına təkan ola  bilər. Biz Prezidentlə bu böyük görüşü gözləyirik. İnanırıq ki, vətəndaş cəmiyyəti öz fəaliyyətində inamlı addımlarını atır və əlbəttə ki, biz problemlərimizin də həllini gözləyirik.

 

-Rauf müəlim, Vətəndaş Cəmiyyəti deyildiyi kimi mülki cəmiyyətdir və o, qeyri-dövlət quruluşu kimi dövlətin müdaxiləsinə məruz qalmadan bərabərhüquqlu cəmiyyəti formalaşdırır.  Sizcə hazırki gərginliyi ilə müşahidə olunan geopolitik, regional kataklizmlər dövründə vətəndaş cəmiyyəti nə dərəcədə özünün müstəqilliyini qoruya bilir və nə dərəcədə təklikdə inkişaf etmək imkanına malikdir?

- Vətəndaş cəmiyyəti 4 elementdən ibarətdir. Qeyri-hökumət təşkilatları, media, bələdiyyələr və həmkarlar. Müstəqil hökumətin büdcəsinə daxil olmayan və qanun çərçivəsində vətəndaş cəmiyyətinə aid olan amillər bunlardır. Təbii ki, Vətəndaş Cəmiyyətlərinə dövlətin müdaxiləsindən yox, dəstəyindən söhbət gedir. Ona görə də vətəndaş cəmiyyətini daha yüksək səviyyədə inkişaf etdirməkdən ötrü devzimiz belədir: “Kamil Vətəndaş, Sivil Cəmiyyət, Güclü Dövlət.  Biz birinci növbədə kamil vətəndaşı yetişdirməliyik. Çünki kamil vətəndaş hansısa təsirlərə boyun əymədən, öz enrjisini, biliyini ölkəsinin rifahına yönəldəcək. Gəlin baxaq; biz son illərdə gənclərimizin gedib Suriyada cihadda döyüşməsinin şahidi olduq. Dövlətin rəsmi açıqlamasına görə 950-yə qədər  gənc Suriyada cihadda döyüşüb. Əslində bilirik ki, onun cihad yeri süni müharibəyə sürüklənən Qarabağ torpağı olmalıdır. Belə olduğu halda, bu gənclərin Suriyaya cihada getməsinin səbəbləri araşdırılmalıdır. Səbəb nədir?.. Düşünürəm ki, belə gənclər əsas etibarilə vətəndaş cəmiyyətindən, gənclər təşkilatlarından kənarda qaldıqları üçün çirkin müdaxilələrə məruz qalırlar. Əgər o gənc vətəndaş cəmiyəti quruculuğunda iştirakçı olsaydı, hansısa gənclər təşkilatına üzv olub orda milli-vətənpərvərlik tərbiyəsi alsaydı,  başqa bir radikal dini qruplaşmalara qoşulmazdı. Bu o deməkdir ki, bizim cəmiyyətlə birgə görüləcək işlərimiz çoxdur.

Təbii ki, bu gün xəstəliklərin qarşısını alınması ilə bağlı aparılan maarifçilik tədbirləri, hemofiliyalı, talasimiyalı xəstələrə kömək, vərəmə qarşı mübarizə və digər məsələlərin həlli istiqamətində həyata keçirilən layihələr, könüllü fəaliyyət, xeyriyyəçilik fəaliyyətləri aparılır. Bu gün bu istiqamətdə işlər görən xeyriyyəçilərimiz. Eləcə də QHT-lər xeyriyyə təşkilatları kimi də öz fəaliyyətlərini təklif edirlər. Bu da o deməkdir ki, biz fəaliyyətimizin bir hissəsini həm də könüllülük əsasında reallaşdırırıq. Bu gün  Heydər Əliyev Fondunun Dəstəyi, Regional  İnkişaf İctimai Birliyinin elanı ilə regionlarda sosial layihələr həyata keçirilir. Sağlamlıq imkanları məhdud olan insanların  inklüziv hüquqlarının bərpa olunması, müxtəlif sosial layihələrin həyata keçirilməsi üçün Heydər Əliyev Fondundan onlara vəsait ayrılır.  Bu da onu göstərir ki, bu və ya digər formada dövlət dəstəyi var. Bu müdaxilə deyil, dəstəkdir. Hesab edirəm ki, Azərbaycanda QHT və vətəndaş cəmiyyətlərinin fəaliyyətinə yersiz müdaxilələr yoxdur.

 

“Xarici beyin mərkəzləri  onları öz çirkin niyyətlərini həyata keçirməyə cəlb edirlər”

 

-Azərbaycanda vətəndaş cəmiyyətlərinə kənar müdaxilələr varmı?

-Ölkə Prezidenti də elan elədi ki, Azərbaycana qarşı yeni “5-ci kolon” formalaşdırılır və onlar ölkəmizə qarşı təhdidləri həyata keçirməyi düşünürlər. Bunlar olmasın deyə, milli-mənəvi dəyərləri qoruyan, eyni zamanda milli maraqlara xidmət edən, ölkəmizin təhlükəsizliyinin qorunmasında, cəmiyyətimizin inkişafında maraqlı olan milli qeyri-hökumət təşkilatlarını dəstəkləmək lazımdır. Bu da gizli deyil ki, ölkəmizin müstəqilliyinı təhdid eləmək, ölkəmizi müxtəlif məsələlərdə beynəlxalq səviyyədə zəflətmək, beynəlxalq imicinə zərbə vurmaqdan ötrü bəzi daxili ünsürlərdən də istifadə olunur. Elə son aylarda keçirilən bəzi radikal kütləvi tədbirləri, flaşmobları xaricdən gələn o təhdidlərin tərkib hissəsi saymaq olar. Bəzi vətəndaşlarımız fəaliyyətlərini ona görə yanlış istiqamətə yönəldirlər ki, onlar milli -mənəvi dəyərlərə xidmət edən vətəndaş cəmiyyətlərdən kənarda qalıblar. Bundan istifadə edən müəyyən xarici beyin mərkəzləri  onları öz çirkin niyyətlərini həyata keçirməyə çəlb edirlər.

Məlumdur ki, son bir ay ərzində Prezidnent Admnistrasiyasında 50-dən çox partiyanın sədri ilə görüş keçirilib. Bir-iki partiya o görüşlərdən boyun qaçırıb. Demək onlar həmin təhdidlərin bir tərkib hissəsidirlər. Ona görə ki, ölkədə sabitlik, stabillik is, ölkənin inkişafını istəyən istənilən partiya sədri belə görüşlərə gedir və ölkəmizin bundan sonrakı inkişafına öz xidmətlərini təklif edir. Əlbəttə ki, bu, qeyri-hökumət təşkilatlarına da aiddir. Dövlət bizim hamımızındır. Sadəcə olaraq biz hökumətin tərkibində deyilik, biz müstəqilik və ona görə də vətəndaş cəmiyyətiyik. Bu  mənada, bəli, biz vətəndaş cəmiyyətinin inkişafında maraqlıyıqsa, deməli dövlətimizin inkişafında maraqlıyıq. Biz bu məntiqlə düşünməliyik ki, ölkəmizin 30 illik müstəqilliyi dövründə ona təsir etmək, ölkəmizə müdaxilə etmək istəyənlər, zəif bəndlərimizi tapıb onların vasitəsi ilə ölkəmizi nüfuzdan salmağa çalışanlar var. Ona görə də çalışmalıyıq ki, cəmiyyətimizdə zəif bəndlər olmasın.

-Dediyiniz o zəif bəndlərin olmaması və müəyyən gənclərin vətəndaş cəmiyyətlərindən kənarda qalmaması üçün bəzi nüansları qeyd etdiniz. Necə edilməlidir ki, belə gənclər vətəndaş cəmiyyətlərinə cəlb olunsunlar. Bu necə baş verə bilər?

-Vətəndaş cəmiyyəti təşkilatlarımızın imkanları nə qədər geniş olsa, əhatəliliyi də arta bilər və fəal gənclərin kənar qüvvələrin təsirinə düşməsinə imkan yaranmaz. Məsələn, biz Bakıda 1-2 tədbir keçirirksə, bunu regionların hamısında edə bilmirik. Çünki bunun üçün həm fiziki, həm də maddi imkanlar və digər resursslar yetərli deyil. Ona görə də bütövlükdə vətəndaş cəmiyyətlərinin inkişafını stimullaşdırmalıyıq, onun inkişafında maraqlı olmalıyıq, gəncləri maraqlandırmalıyıq. Bu da siz dediyiniz ölkə kontingentini – gəncləri, ahılları əhatə edə biləcək və onda bizim vətəndaşımız yalnız milli maraqlar haqqında düşünəcək. Təbii ki, baş verən bir çox kənar sapınmalar, bilgisizlik və məlumatsızlıq və diqqətdən kənarda qalmağa görə baş verir.  Ona görə də düşünürəm ki, bizim vətəndaş cəmiyyəti, gənclər təşkilatı, bizim mediamız nə qədər güclü olsa, nə qədər çox vətəndaşı əhatə edə bilsə, həmin o xarici müdaxilələr minimuma endiriləcək.

 

“Xarici müdaxilə yolverilməzdir, biz bunun əleyihəyik”

 

- Rauf müəllim, hazırda xarici donorlarla bağlı vəziyyət necədir. Xarici donor təşkilatları  vətəndaş cəmiyyətinə hansı töhvəsini, yaxud hansı zərbəsini vurur, nələri müşahidə edirsiz?

-2015-ci ilə qədər beynəlxalq donarlar vətəndaş cəmiyyətlərini bu və ya digər formada maliyyələşdirirdilər. Bunun illik həcmi 30-50 milyon arasında idi. Artıq 5 ildir ki, xarici donarların ölkədəki QHT-ləri maliyyələşdirməsi demək olar ki, sıfıra enib.

Beynəlxalq donorlar uzun müddət Azərbaycanda fəaliyyət göstəriblər. Və onlardan sadəcə olaraq bəziləri bayaq qeyd etdiyim kimi, burada müəyyən zəif bəndləri tapıb, onları Azərbaycana qarşı hər hansı bir təhdid siyasətinə cəlb edə biliblər. Onların tör-töküntüləri bu gün də davam edir. Belə hallar olmasın deyə biz  dövlətçiliyimizin, milli maraqlarımızın əleyhinə  olmayan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığımızı  davam etdirməliyik, biz beynəlxalq aləmdən özümüzü təcrid etməməliyik. Sadəcə olaraq milli maraqlarımızı qorumağı bacarmalıyıq ki, hər hansı bir formada xarici müdaxilə olmasın. Xarici müdaxilə yolverilməzdir, biz bunun əleyihəyik. Biz hər hansı bir formada müstəqilliyimizə, dövlətçiliyimizə, milli maraqlara təhlükə olan hər hansı amilə yol verməməliyik.  Biz beynəlxalq aləmlə əməkdaşlıq etməliyik və eyni amma nəzarətimizi də gücləndirməliyik.

-Əməkdaşlıq edilirikmi?

-Hazırda ölkəmizdə beynəlxalq təşkilatlarla əməkdaşlıq minumum səviyyədə davam edir, Müəyyən problemlər var ki, QHT-lər də bununla bağlı öz fikirlərini bildiriblər. Ona görə də bu məsələlərə yenidən baxılmalıdır. Bununla bağlı qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac varsa, bu məsələlər öz həllini tapmalıdır. 

 

T.Qafarlı

Baxar.az

 

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR