Ağdamda iki mərmi və patronlar aşkarlandı

Ağdamda iki mərmi və patronlar aşkarlandı

2020-ci il 30 İyul tarixində saat 15:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində köhnə tikilidə təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin  Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 30-31 iyul tarixlərində köhnə tikilidə təmir-tikinti işləri aparılan hissənin zirzəmisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 90-cı illərdən qalmış 2 ədəd İran istehsalı 81 mm-lik minaatan mərmisi (silahdan atılmamış), 65 ədəd 7.62 mm-lik və 216 ədəd 5.45 mm-lik patronlar (təkrar istifadəyə yararsız) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin və patronların ətrafında 800 kv.m əraziyə yerüstü, 290 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


OXŞAR XƏBƏRLƏR