"Küçə təmizləmək rüşvət almaqdan xeyli şərəfli işdir, amma yaşlı qadınlar bunu etməli deyil"

Biz anamızı sevirik?

Biz analarımızı çox sevirik. Onlara görə canımızı verməyə hazırıq. Bu bizim bütün hərəkətlərimizə hakim kəsilib. Bu bizim mentalitetin ayrılmaz hissəsidir. Həyatımız boyu onlara möhtacıq. Ədəbiyyatımız belə yazır. Bəs reallıq necədir?

Küçələri əsasən qadınlar təmizləyir. Alaqaranlıqdan gün çıxana kimi əllərində süpürgə durmadan işləyirlər. Əksəriyyəti də yaşlı qadınlardı. Əlbəttə, onları belə fiziki ağır işə çıxmağa məcbur edən ehtiyacdır. Bəzilərinin yəqin təqaüd yaşı da keçib. Amma təqaüd məvacibi nəyə yarar?

Doğrusu, mən yalnız köhnə sovet məkanında küçələri yaşlı adamların təmizlədiyini görmüşəm. Hətta qardaş Türkiyədə yaşlı qadınları, kişiləri təmizlik işlərində çalışan görməmişəm. Ara küçələrindən tutmuş böyük Şosselərə qədər hamısını maşınlar təmizləyir. (Xaricdə yaşayan dostlar ordakı müşahidələrini paylaşsa, çox yerinə düşər.) 

Bizdə isə sürət həddi 120 olan geniş yollar da əllə təmizlənir. Həyatları hər an risk altında.

Yaşlı insanlara, ana-nənələrimizə qayğı budurmu? Bizdə böyük-kiçik münasibəti var, ağsaqqala, ağbirçəyə hörmət deyəndə bunumu nəzərdə tuturuq? Milli mentalitet, milli ənənə budurmu?

Küçə təmizləmək pis iş deyil. Rüşvət almaqdan xeyli şərəfli işdir. Amma yaşlı qadınlar bunu etməli deyil. Gənc, gümrah, sağlam adamlar və maşınlar bunu etməlidir.

Yeri gəlmişkən, uşaq əməyinin istismarı haqqında arada danışılır, qanunla qadağandır, yaşlı insanların ağır işlərə cəlb olunması niyə istismar hesab olunmur?

Şahbaz Xuduoğlu, "Qanun" Nəşrlər Evinin sahibi


OXŞAR XƏBƏRLƏR