Toylar bu şərtlərlə başlaya bilər - Açıqlama

Toylar bu şərtlərlə başlaya bilər - Açıqlama

Məlumdur ki, ölkədə karantin rejimi tədricən yumşaldılsa da, toylara qoyulan qadağa hələ də qüvvədədir. Bu isə onunla əlaqədardır ki, koronavirusa yoluxma hallarında hələ də artan temp müşahidə edilməkdədir. Belə ki, insanlar arasında mövcud yoluxma statistikası hökumətə kütləvi tədbirlərin, eləcə də toyların keçirilməsi barədə qərar verməkdə çətinlik yaradır. Təsadüfi deyil ki,  ölkə başçısı İlham Əliyev də “Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq”, – deyə bəyan edib. Görünən odur ki, biz ən azı yaxın bir il ərzində müəyyən şərtlər və qaydalara əməl etməklə yaşamalıyıq və yalnız belə olan təqdirdə bir çox sahələrin fəaliyyətinin bərpasından söhbət gedə bilər.

Müsahibəsində prodüsser Vəfa Nuriyeva da virusun hələ bir müddət bizi tərk etməyəcəyini nəzərə alaraq, müəyyən qaydalar tətbiq edilməklə toylara start verilməyin mümkünlüyünü açıqlayıb. İxtisasca tibbi bioloq olan V.Nuriyeva məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

– Məlumdur ki, Yer kürəsində olan bütün viruslar və patogen mikroorqanizmlər bizimlə bir yerdə addımlayır. Sadəcə bəzilərinə qarşı dərmanlar olduğu halda, koronavirusun vaksini hələ tapılmayıb. Yəni bu, RNT viruslarının təzə ştammıdır. Ən böyük problem də məhz bundan ibarətdir. Ona görə də bu virusa qarşı mübarizə aparmaq o qədər də asan deyil. Yəni bu, vaksini tapılana qədər tam olaraq bizimlə olacaq. Buna görə də biz elə hərəkət etməliyik ki, həmişə virusdan bir addım öndə olaq.

Təbii ki, mən bir prodüsser kimi toy məsələsi ilə bağlı fikirlərimi bölüşəcəyəm. Əlbəttə, bunun iqtisadi tərəfi aydın və önəmli məsələdir. Sirr deyil ki, toylarla əlaqəli çox insan pul qazanır, ailəsinə ruzi aparır. Yəni mövcud karantinlə əlaqədar toylara qadağa qoyulması böyük bir kütlənin maddi durumunu çətinləşdirib. Və sözsüz ki, biz virusun nə vaxt tam olaraq sıfıra enəcəyini oturub gözləməməliyik. Bu, absurd bir şeydir və bunun üçün 10 milyonluq bir respublika ən azı bir ay evdən çölə çıxmamalıdır. Təbii ki, bu da qeyri-mümkündür. Ona görə də biz iqtisadiyyata, insanların gəlirinə minimum dərəcədə zərbə endirməklə, bu problemdən çıxmağa çalışmalıyıq.

Mən həm bir tibbi bioloq, həm də prodüsser kimi konkret olaraq toylarla bağlı bir sıra təkliflər irəli sürməklə tezliklə onların başlamasını mümkün hesab edirəm.

Beləliklə, başlayaq şadlıq saraylarının girişindən. Fikrimcə, girişdə dezinfeksiya kabinələrinin qoyulması məsləhətdir ki, saraya daxil olan hər kəs həmin kabinələrdən keçməklə öz təhlükəsizliyini təmin edə bilsin. Həmçinin, qapının ağzında insanları qarşılayan personal mütləq onların temperaturunu ölçməlidir, eyni zamanda hər kəs əlcək və tibbi maska ilə təmin olunmalıdır.

Zalda da qaydaların tətbiqi mütləqdir. Məsələn, 500 kv.m-lik zal əgər 200-250 nəfər tutursa və əvvəllər hər stol ətrafında təxminən 12 nəfər otururdusa, indi ən azı 1 metrlik məsafə qorunmalıdır. Yəni 12 nəfərlik stol arxasında 6 nəfərdən artıq qonaq oturmamalıdır. Və əgər bir ailə eyni stol arxasında oturarsa, ara məsafəsinin gözlənilməsi lazım deyil.

Daha sonra 12 yaşa qədər uşaqların toya gətirilməsi qəti qadağan olunmalıdır.

Personala gəlincə, işə gələndə onların qızdırması ölçülməli və çöl paltarları başdan-ayağa yeniləri ilə əvəz edilməldir və onlar da mütləq əlcək və tibbi maska taxmalıdırlar.

Stolların üstünə ən azı iki dezinfeksiyaedici məhlul qoyulmalıdır ki, hər stolbaşı xidmət göstərən ofisiant insanların tez-tez əllərini dezinfeksiya etmələrinə yardımçı ola bilsin.

Musiqiçilərə və müğənnilərə gəlincə, təklif edirəm ki, onların əyləşdiyi sahə bir metr hündürlüyündə plastik şüşələrlə əhatə olunsun. Müğənninin onsuz da musiqiçilərdən aralı məsafədə dayandığı kimi, musiqiçilər də bir-birindən ən azı 1,5 metrlik məsafədə əyləşməlidir.

Bundan başqa, fikrimcə, zalda 4-5 müşahidəçi olsa məsləhətdir. Hansı ki, onlar da zaldakı insanların ümumi qaydalara riayət etməsinə nəzarəti həyata keçirsin. Məsələn, hər kəsin müğənni və musiqiçilərə yaxınlaşmasına, ortalıqda 10-12 nəfərdən artıq insanın rəqs etməsinə və s. imkan verməməlidir. Təbii ki, rəqs edənlər də ara məsafəni gözləməlidirlər və bunun üçün zalın döşəməsində xüsusi işarələr olmalıdır.

Mətbəxdəki vəziyyət isə sözsüz ki, karantindən asılı olmayaraq həmişəki qaydada həyata keçirilməlidir. Yəni adi günlərdəki kimi bütün gigiyena qaydalarına tam əməl olunmalı, işçi personal, aşpazlar mütləq maska taxmalı, maskalarını 2-3 saatdan bir, əlcəklərini isə tez-tez dəyişməlidirlər.

Toy bitdikdən sonra isə şadlıq sarayları tam dezinfeksiya olunmalıdır. Bütün stol-stullar, döşəmələr xüsusi xlorlu məhlullarla yuyulmalıdır. Hesab edirəm ki, karantin müddətində toylar daha az saatla keçirilməklə, – yəni təxminən 5 saat keçirilsə kifayətdir, –  bütün bu qaydalara ən yüksək səviyyədə əməl etmək olar.

Bu təkliflərlə çıxış etməklə bir məsələni də qəti şəkildə bildirmək istəyirəm ki, əgər bu yay dövründə toylara start verilməzsə, oktyabr-noyabr aylarında, yəni Məhərrəmlik ayı bitdikdən sonra belə toyların başlanması mümkünlüyü çətinləşir. Çünki yayda yoluxma sayı qışa nisbətən daha az olur. Məlumdur ki, virusu qoruyan təbəqə lipidlərdən ibarətdir, adi dillə desək, yağlardan təşkil olunub. Yağlar isə müəyyən temperaturlarda əriyir. Qışda isə əksinə, bu təbəqə bərkiyir və selikli qişaya düşən kimi xəstəlik özünün patogen-infeksion yolunu davam etdirir. Yəni əgər yay ərzində virus səbəbindən toylara start verilməzsə, soyuq aylarda bunun gerçəkləşdirilməsi az ağlabatan görünür. Digər tərəfdən, son zamanlar oxuduğum elmi məqalələrə istinadən deyə bilərəm ki, virusa qarşı vaksin ən tez halda oktyabr-noyabr aylarında istehsal oluna bilər.

Nəzərə alsaq ki, onu istehsal edəcək hər hansı bir ölkə ilk növbədə özündəki epidemik vəziyyəti aradan qaldıracaq və ondan sonra başqa dövlətlərə satmağa başlayacaq, bu da fikrimcə, ən azı 2021-ci ilin fevral ayından tez baş verməyəcək. Belə olan halda Azərbaycanda böyük bir sektorun bir il işləməməsi bilirsiniz də nə deməkdir? Bu, həmin təbəqənin stresə qapılması anlamına gəlir ki, bununla da insanların qidalanması zəifləyir, immuniteti aşağı düşür və virusa yoluxma riski artır. Və əgər hazırda demək olar ki, xəstələnənlərin 100 faizindən 86 faizi bunu yüngül keçirirsə, insanlarda stresdən yaranacaq xroniki xəstəliklər, əmələ gələcək infarkt və insultlar, qan dövranı və sinir sistemi pozuntuları və s. nəticəsində artıq 100 faiz xəstədən 65-70 faizi bunu yüngül keçirəcək və ölüm də 12-15 faizə qədər yüksələcək.

Odur ki, mən Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlilərinə müraciət edərək bütün bunları nəzərə almalarını və toylarla bağlı tezliklə müsbət qərar vermələrini xahiş edirəm.

konkret.az


OXŞAR XƏBƏRLƏR