"Torpaqlarımızı işğaldan azad etmək üçün anti-terror əməliyyatlarına başlayaq" - ALDP sədri

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)  Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu ALDP sədri Fuad Əliyev həftə sonu gündəliyi dəyərləndirərək bildirib. ALDP sədri gündəmdə olan bir neçə məsələyə toxunaraq öz fikirlərini bildirib:

"Ictimai siyasi vəziyyəti müzakirə etmək üçün partiyalar və siyasi hərəkat rəhbərləri ilə ikitərəfli görüşlərə başlayacağam. Artıq bu həftə üç partiya liderləri ilə görüşüm olub - Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ağ partiyasının başqanı Tural Abbaslı və Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə ilə. Görüşdə ölkədə demokratik mühitin formalaşdırılması və partiyaları birləşdirilən məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bu məsələləri ictimai müzakirəyə çıxarmaq üçün mütamadi görüşlərin keçirilməsi ilə bağlı razılığa gəldik." 

Daha sonra o, Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yenidən formalaşacağını şərh edərkən bildirib:  "Əli Hüseynlinin təklifini müsbət dəyərləndirirəm. Əslində maraqlı təklifdir. Aydın məsələdir ki, komissiyanın tərkibini dövlət başçısı müəyyən edir. Son dövrdə iqtidar-müxalifət münasibətlərin normallaşmasını nəzərə alaraq və komissiyaya üzvlüklə bağlı təklif olunsa, ALDP bu tipli formatlarda məmnuniyyətlə iştirak edə bilər."

Keçən həftə baş verən digər xəbəri -  Azərbaycanın işğal altındakı Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyanın “andiçmə mərasimi” keçirildiyi və bu mərasimə işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyanının iştrakını qeyd edərək ALDP sədri bunları deyib: "Təəssüflər olsun ki, Paşinyanın ora gəlməyinin qarşısını ala bilmədik. Nə Xarici İşlər Nazirliyi, nədə ki, Müdafiə Nazirliyi. Ən azından bir bəyanat vermək lazım idi ki, “sərhədi keçsən səni vuracağıq.” Bunu da etmədilər. Ermənistan rəhbərliyinin bu hərəkətləri bizə əsas verir ki, bütün beynəlxalq normalara uyğun olaraq öz torpaqlarımızı işğaldan azad etmək üçün anti-terror əməliyyatlarına başlayaq. Ermənilər 27 ildir ki, beynalxalq qanunları və verilən qətnamələri qəbul etmək istəmirlər. Deməli, biz 27 ili sülh danışıqlarla itirdik. Bu məsələdə hakimiyyət Azərbaycan xalqının iradəsini nəzərə alıb anti-terror əməliyyatlara başlasa ALDP olaraq dəstəyimizi verməyə hazır olduğumuzu bildirirəm."

Sonda Fuad Əliyev  Mədəniyyət Naziri Əbülfəs Qarayev işdən çıxarllmasını şərh etdi. "Əbülfəs Qarayev hətta Nazirliyin işçiləri ilə vidalaşıb. Deməli, onun nazirlikdə korrupsiya işlərindən və fəxri adlarla bağlı verilən rüşvətdən xəbəri olmayıb. İnandırıcı olmasa belə, olsun, nə edək."

bakunews


OXŞAR XƏBƏRLƏR